
ADİL ƏSƏDLİNİN ÖMÜR VƏ YARADICILIQ YOLU
Əsədli Adil Beytulla oğlu 1954-cü il iyul ayının 21-də Lənkəran şəhərində anadan olmuşdur. 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1980–1985-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Bədii Qrafika” fakültəsində təhsil almışdır. 1986–2019-cu illərdə Lənkəran şəhərindəki Rəssamlıq məktəbinin direktoru vəzifəsində çalışmışdır.
1993-cü ildə Rəssamlar İttifaqının fəxri fərmanına (diplomuna) layiq görülmüşdür. Tabloları Türkiyə, İran, İngiltərə, Polşa, Fransa, Rusiya, Gürcüstan, ABŞ və digər ölkələrdəki nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
2008-ci ildə Lənkəran Bələdiyyəsi tərəfindən “İlin rəssamı” nominasiyasına layiq görülmüşdür. 2013-cü ilin mayında Qəbələdə keçirilən Beynəlxalq rəsm müsabiqəsində A.Əsədlinin iki tablosu münsiflər tərəfindən yüksək qiymətləndirilmişdir.
2015–2016-cı illərdə Qəbələdə IV Beynəlxalq İncəsənət sərgisi keçirilmişdir. Sərgidə 28 ölkədən 12 rəssamın əl işləri nümayiş olunmuşdur. Bu sərgidə A.Əsədlinin də idman mövzusuna həsr olunmuş tablosu nümayiş olunmuşdur.
2013-cü ilə Lənkəranda qonaq olan Yapon səfiri Şu Suki Vatanbeyə Lənkəran şəhər icra başçısı tərəfindən A.Əsədlinin “Lənkəranda Xan Evi” əsəri təqdim olunmuşdur. Həmin ilin oktyabr ayında İtaliyanın Çerketeru şəhərinin icra başçısı Alessio Paskuçiniyə Adil Əsədlinin əsəri təqdim edilmişdir.
2013-cü ilin noyabr ayında Avropa Şurasının üzvü, ABŞ-ın Kentukki ştatından George Ruselle Adil Əsədlinin bir neçə əsərini alıb öz kolleksiyasına daxil etmişdir.














ADİL ƏSƏDLİ – RƏNGKARLIQ VƏ QRAFİKA SƏNƏTİNİN FƏDAİSİ
Adil Əsədli Azərbaycan təsviri sənətinin inkişafında özünəməxsus xidmətləri olan rəssamlardan biridir. O, uzun illər ərzində yaradıcılıq fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyət göstərərək gənc rəssam nəslinin yetişməsinə də mühüm töhfələr vermişdir.
Adil Əsədlinin yaradıcılığı rəngkarlıq və qrafika sahələrini əhatə edir. Rəssam indiyədək 800-dən çox rəngkarlıq və 900-dən çox qrafika əsəri yaradıb. Onun əsərləri Azərbaycanda və xarici ölkələrdə keçirilən müxtəlif respublika və beynəlxalq sərgilərdə nümayiş etdirilib.
Rəssamın pedaqoji fəaliyyəti də zəngindir. 2004-cü ildən Lənkəran Dövlət Universitetində dosent kimi fəaliyyət göstərən Adil Əsədlinin indiyədək 100-ə yaxın tələbəsi müxtəlif respublika və xarici ölkələrin məktəb və universitetlərində təhsil alır. Onun yetirmələri respublika və beynəlxalq sərgilərdə fəxri fərman, diplom və sertifikatlara layiq görülüblər.
Adil Əsədli həm də incəsənətə dair bir sıra elmi-metodik və nəzəri əsərlərin müəllifidir. 2000-ci ildə “Qrafik əsərlər”, 2014-cü ildə isə “Rəngkarlıq və Qrafik” adlı kitabları çap olunub. Rəssamın “Azərbaycan rəssamları XX əsrdə” adlı incəsənətə dair məqalələri də nəşr edilib. Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzində onun “Rəsmin tədrisi metodikası” adlı dərs vəsaiti də çap olunub. 2022-ci ildə isə “Azərbaycan miniatürləri” adlı kitabı, bir neçə dərs proqramı və məqalələri nəşr edilib. Adil Əsədli ümumilikdə 7 kitab və 3 dərs vəsaitinin müəllifidir.
Rəssamın yaradıcılığı müxtəlif illərdə fərdi və beynəlxalq sərgilərlə də geniş şəkildə təqdim olunub. 2014-cü il iyunun 17-də Bakıda, Azərbaycan Rəssamlar İttifaqının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə V.Səmədova adına sərgi salonunda Adil Əsədlinin fərdi sərgisi açılıb. Sərgidə onun 80-ə yaxın rəngkarlıq və 60-a yaxın qrafika əsəri nümayiş etdirilib.
2016-cı il fevralın 17-də “Azad Azərbaycan” Televiziya Şirkətinin “ATV” qalereyasında rəssamın fərdi sərgisi keçirilib. Sərgidə Adil Əsədlinin 80-dən çox rəngkarlıq və qrafika əsəri nümayiş olunub.
2016-cı il noyabrın 4-də İtaliya və Azərbaycan rəssamlarının Bakıda keçirilən birgə sərgisində onun qrafika əsərlərindən biri nümayiş etdirilib və rəssam sertifikatla təltif olunub. 2017-ci ildə Fransada Azərbaycan rəssamlarının sərgisində Adil Əsədlinin 3 rəngkarlıq və 2 qrafika əsəri sərgilənib. 2018-ci ildə isə Azərbaycan Respublikasının Beynəlxalq “Avropa nəşr mətbuat evi” tərəfindən keçirilən tədbirdə rəssam “Ən yaxşı tənqidçi rəssam” qızıl medalına layiq görülüb.
Adil Əsədlinin sənət fəaliyyəti müxtəlif mükafatlarla da qiymətləndirilib. 2013-cü il iyulun 22-də Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Ustad sənətkar” mükafatına layiq görülüb. 2014-cü ildə “Dədə Qorqud dünyası” Fondunun beynəlxalq “Qızıl ürək” medalı, 2015-ci ildə isə beynəlxalq “Dədə Qorqud” mükafatı ilə təltif olunub. Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif illərdə fəxri fərman və diplomlara layiq görülüb.
2015-ci ildə Adil Əsədliyə Azərbaycan Respublikasının “Fəxri mədəniyyət işçisi” fəxri adı verilib.
Beləliklə, Adil Əsədlinin yaradıcılıq yolu yalnız rəssamlıq fəaliyyəti ilə məhdudlaşmır. Onun zəngin yaradıcılıq irsi, pedaqoji fəaliyyəti, kitab və dərs vəsaitləri, eləcə də yetişdirdiyi gənc rəssamlar Azərbaycan təsviri sənətinin inkişafına verdiyi mühüm töhfənin göstəricisidir.








83