
Azərbaycan ictimaiyyətinə ağır itki üz verib.
Tanınmış ziyalı, xeyirxah və nəcib insan, qayğıkeş ata Nuri Ağa Mirzə oğlu Əhmədov dünyasını dəyişib.
Nuri Əhmədov uzun illər Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. 1995–2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan “AzEuroTel” şirkətinin qurucusu və baş direktoru olub. Azərbaycanda rabitə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
O, eyni zamanda Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri kimi Azərbaycan mədəniyyətinin və caz sənətinin inkişafına mühüm töhfələr verib. Onun dəstəyi ilə keçirilən caz festivalları Bakının beynəlxalq musiqi mühitində tanınmasına xidmət edib.
Lakin Nuri Əhmədovu yalnız gördüyü işlərlə deyil, insani keyfiyyətləri ilə xatırlayacağıq. O, qayğıkeş ata, səmimi dost, gözəl insan və ehtiyacı olana yardım göstərməyi özünə borc bilən xeyirxah şəxsiyyət idi.
Nuri Əhmədov “Azərbaycan Dünyası” beynəlxalq jurnalının ilk işıq üzü görməsində dəstək göstərən və bu işə köməklik edən ilk insanlardan biri olub. Onun bu dəstəyi və xoş münasibəti jurnalın tarixində daim minnətdarlıqla xatırlanacaq.
Belə insanların həyatdan getməsi böyük itkidir. Lakin onların gördüyü xeyirxah işlər, insanlara bəxş etdiyi yaxşılıq və qoyduğu iz zaman keçdikcə daha böyük məna qazanır.
Nuri Əhmədovun vəfatı ilə əlaqədar ailəsinə, doğmalarına, yaxınlarına, dostlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.
Nuri Əhmədovun əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Ruhu şad, məkanı cənnət olsun!

61