
Naqiyə xanımla 25 ildən artıqdır ki, tanışam. İlk tanışlığımız Azərbaycan Hərb Tarixi Muzeyində olub. Məhz həmin illərdə Azərbaycan Hərb Tarixi Muzeyində Şah İsmayıl Xətai, Həzi Aslanov, Uzun Həsən və bir çox digər tarixi şəxsiyyətlərin obrazlarını böyük ustalıqla yaradıb. Muzeyin divarlarında onun əsərləri ilə qarşılaşdığım ilk gündən bu insanın sənətinə, istedadına və milli ruhuna heyran qaldım.
Onun yaratdığı tarixi obrazlarda yalnız rəssamlıq məharəti deyil, həm də Vətənə, tariximizə və milli dəyərlərimizə dərin bağlılıq hiss olunur. Elə ilk tanışlıqdan Naqiyə xanımı istedadlı rəssam olmaqla yanaşı, əsl patriot insan kimi qəbul etdim.
Sonrakı illərdə onu daha yaxından tanıdıqca bu qənaətim daha da möhkəmləndi. Naqiyə xanım incə qəlbli, dərin təfəkkürlü, daim axtarışda olan və sənətinə böyük sevgi ilə yanaşan yaradıcı insandır.
Onun əsərlərinə baxarkən mükəmməl əl qabiliyyəti, rəng duyumu və qeyri-adi yaradıcılıq təxəyyülü diqqəti cəlb edir. Əsərlərində bəzən sakitlik və rahatlıq, bəzən isə insanı düşünməyə vadar edən bir daxili burulğan hiss olunur.
Naqiyə xanım mənim üçün işıq, bir qığılcım kimidir. Onun yaradıcılığında insan ruhuna toxunan xüsusi bir nur var. “Ay Parçası” ifadəsi də sanki onun sənət dünyasını xarakterizə edir – zərif, işıqlı, sirli və dərin…
Kətan, ipək və şüşə üzərində yaratdığı qeyri-adi əsərlərdə rənglərin ahəngi və dərin məna xüsusi yer tutur. Xüsusilə qara ipək üzərində işləmək böyük ustalıq tələb edir. Nadir rəssamlar bu materialla işləyirlər, çünki qara fonda rəngləri, işığı və incə detalları ifadə etmək olduqca çətindir. Naqiyə xanım isə bu çətin işin öhdəsindən böyük peşəkarlıq və ustalıqla gəlir.
Xüsusilə qumla yaratdığı rəsmlər də insanı heyran edir. Qum kimi kövrək bir materiala sənət dili ilə həyat vermək onun yaradıcılıq imkanlarının genişliyini və qeyri-adi istedadını göstərir.
Naqiyə xanımın ən böyük üstünlüklərindən biri daim öz üzərində işləməsi, yeni axtarışlara can atması və yaratdığı əsərlərlə insanlarda dərin fikir və düşüncə oyada bilməsidir. O, sadəcə gördüklərini təsvir etmir, hiss etdiklərini də rənglərə çevirir.
Əsl sənətkar yalnız gözlə görünəni deyil, görünməyəni də görür və onu tamaşaçıya hiss etdirə bilir. Naqiyə Rzayeva məhz belə sənətkarlardandır.
Onun sənət yolu işıqlı, yaradıcılıq dünyası isə daim yeni rənglərlə zəngin olsun!
Hörmətlə,
Eldar İsmayılov
“Dədə Qorqud” Fondunun prezidenti,
“Azərbaycan Dünyası” beynəlxalq jurnalının
baş redaktoru və təsisçisi












175