
Azərbaycan Milli Xalça Muzeyində “Dədə Qorqud” Fondunun vitse-prezidenti, İdarə Heyətinin üzvü, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının Türkiyə təmsilçisi, əməkdar incəsənət xadimi, professor, görkəmli ziyalı və çox dəyərli insan, əziz dostumuz Rafiq Əzizin layiqli davamçısı, istedadlı rəssam Emil Əzizin möhtəşəm fərdi sərgisi keçirilmişdir.Vətəndən uzaqda — Türkiyədə yaşayan sənətkarın bu sərgisi Azərbaycan xalqının şanlı Zəfərinə, Qarabağımıza, milli qürurumuza və tarixi yaddaşımıza həsr olunmuşdur. Sərgidə nümayiş etdirilən əsərlər yüksək peşəkarlığı, dərin məna yükü, milli ruhu və bədii-estetik dəyəri ilə seçilir, hər biri özünəməxsus üslubu və ifadə gücü ilə tamaşaçılarda unudulmaz təəssürat yaradırdı.
Emil Əzizin yaradıcılığı Vətənə sevginin, milli kimliyə bağlılığın və sənətə sədaqətin parlaq nümunəsidir. Onun əsərlərində Qarabağın ağrısı, zəfərin sevinci və Azərbaycan ruhu bütün çalarları ilə əks olunmuşdur.“Dədə Qorqud” Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının oxucuları adından Emil Əzizi bu uğurlu və mənalı sərgi münasibətilə ürəkdən təbrik edir, ona gələcək yaradıcılıq yolunda daim yeni nailiyyətlər, ilham və uğurlar arzulayırıq.
Uğurlarınız bol olsun, Emil bəy!
Onu da xüsusi qeyd etmək istərdik ki, Emil Əziz UNESCO rəssamları sırasına daxil olan sənətkardır. Peşəkar rəssam olmaqla yanaşı, o, eyni zamanda riyaziyyat üzrə təhsilə və biliklərə malikdir.










.







