
30 avqust 2025-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyan tədbir keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və icra hakimiyyətinin əməkdaşları, “Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Fondun İdarə Heyətinin üzvü, jurnalın Zaqatala, Qax və Balakən rayonları üzrə nümayəndəsi Məmmədxan Hacıyev, jurnalın məsul katibi Nərgiz Namiq qızı, Azərbaycan Yazıçılar Birliyinin Zaqatala bölməsinin bölməsinin sədri Əlmaniz Ələkbərli, qələm adamları və Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Toplantının əsas mövzusu isə xalqına sarsılmaz məhəbbəti, düşündürücü publisistikası, ürəkdən gələn nəğmələri və vətənə xidmət yolunda yorulmaz axtarışları ilə seçilən şair və publisist Nəbi Mülkümov idi. Onun ömür yolu bir ziyalının necə yaşamalı olduğunun bariz nümunəsi kimi qiymətləndirildi.
Nəbi müəllimin yaradıcılığına və xalqa xidmət ruhuna verilən yüksək dəyərin göstəricisi olaraq, “Dədə Qorqud” Milli Fondunun İdarə Heyətinin qərarı ilə ona “Qızıl Ürək” ordeni təqdim olundu. Bu mükafat, əslində, onun şəxsiyyətinə, sözünə və xalqına sədaqətinin rəmzi idi.
Tədbir iştirakçıları bu günü həm bir şairin yubileyi, həm də milli-mənəvi dəyərlərin təntənəsi kimi xatırlayacaqlar.




















